İraq türkləri məyus oldu: “Seçkinin nəticələri türkmənlərin iradəsini əks etdirmir”  

08:18 14.11.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Noyabrın 11-də İraqda parlament seçkiləri keçirildi. İraqın baş nazirini, prezidentini və parlament üzvlərini müəyyən edəcək seçkinin nəticələri ölkənin siyasi mənzərəsi və onların türkmən icmasına təsiri ilə bağlı marağa səbəb olub.

Hafta.az-ın yazdığına görə, İraq Türkmən Cəbhəsinin (İTC) Türkiyə nümayəndəsi Kutluhan Yayçılı, İTC-nin İraqın bir çox əyalətində seçkidə iştirak etdiyini və digər bölgələrdə, xüsusən də Kərkükdə namizədlər irəli sürdüyünü deyib. Yayçılı qeyri-rəsmi nəticələrə görə, türkmənlərin Kərkükdə 2, ərəblərin və kürdlərin isə hər birinin 5 yer qazandığını bildirib.

“Bu, Kərkükdəki əsl demoqrafik bölgünü əks etdirmir. Türkmənlərin iştirakı aşağıdır. Bundan əlavə, kürdlərin xaricdən köçürülməsi də Kərkükə təsir göstərib. Buna görə də, biz inanırıq ki, nəticələr türkmənlərin iradəsini əks etdirmir və türkmən əhalisini təmsil etmir” deyən Yayçılı seçkilərdən əvvəl türkmən seçiciləri hədəf alan təxribatlara da toxunub. Bildirib ki, seçkidən əvvəlki axşamdan başlayaraq Kərkükdə gərginlik artıb. Yayçılı, İTC sədri Məhəmməd Semanın posterinə hücum olduğunu qeyd edərək, “Biz bu cür cəhdləri heç vaxt qəbul etmirik və eyni şəkildə cavab vermək gərginliyi azaltmayacaq” deyib və türkmənləri bu cür təxribatlara uymamağa çağırdıqlarını xatırladıb.

Yayçılı həmçinin xatırladıb ki, 2003-cü ildə Səddam rejiminin süqutu ilə Kərkükün demoqrafik strukturunu dəyişdirmək cəhdləri olub. O, Kərkükdəki türk varlığını aradan qaldırmaq üçün müxtəlif layihələrin həyata keçirildiyini, ölkənin şimalından kürd qruplarının həmin dövrdə Kərkükdə yerləşdirildiyini bildirib. Yayçılı deyib: “Bu siyasət davam etdi. Xüsusilə Kərkük valisi Nəcməttin Kərimin dövründə ətraf bölgələrdən kürd əhalini Kərkükə köçürməklə demoqrafik strukturu dəyişdirməyə çalışdılar. Bu, seçki qutusunda qarşılaşdığımız ən böyük problemlərdən biridir. Bilirik ki, 100 mindən çox kürd seçici xaricdən Kərkükə köçürülüb. Bu, 1,6 milyon əhalisi olan Kərkükdə yerlərin bölüşdürülməsinə əhəmiyyətli dərəcədə təsir göstərir”.

Yayçılı bu səbəbdən hüquqi tədbirlər gördüklərini bildirərək, məsələni Konstitusiya Məhkəməsinə, beynəlxalq platformalara və BMT-nin İraqdakı Ofisinə çatdırdıqlarını qeyd edib.

“Hansı hökumət hakimiyyətə gəlirsə gəlsin, türkmənlərə mütləq nazir vəzifələri verilməli və Bağdadda layiq olduqları təmsilçiliyi qazanmalıdırlar” deyən Yayçılı türkmənlərin İraqda ən çox zərər çəkən xalq olduğunu, BMT-nin İraq şöbəsinin daha real hesabatlar təqdim etməsini və konkret addımlar atmasını gözlədiklərini bildirib.